ƏLİLİN NAKAM SONA ÇATMIŞ HƏYAT HEKAYƏSİ!
Xüdiyev Timur Bəxtiyar oğlu. 23 fevral 1991-ci ildə Azərbaycandan uzaqda Turkmənistan Respublikasının Marı şəhərində anadan olub. Doğulduqdan bir müddət sonra valideynləri uşaqda problemin olmasını hiss edirlər. Həkim müayinəsindən keçirtdikdən sonra uşağa USİ (Uşaq Sirebral İflici) diaqnozu qoyulur.  Bir müddət valideynlər Timurun müalicəsi ilə birgə məşğul olurlar. Atası Bəxtiyar bəyin ürəyində problem yaranır. 2003-cü ildə infakt keçirərək rəhmətə gedir. (Allah rəhmət eləsin) Ana Reyhan xanım iki övladı oğlu Timur və qızı Simuzər xanımla baş başa qalır. Bu müddət ərzində ana Azərbaycandan uzaqda təkbaşına həm övladlarına baxır, həm də xəstəlikdən əziyyət çəkən Timurun müalicəsi ilə məşğul olur. Bir neçə il vətəndən uzaqda yaşasalar da nəhayət ki, 2010-cü ilin avqustunda Azərbaycana köçürlər. Uşağın müalicəsini burda davam etdirməli olurlar.
Səhiyyəmizin bərbadlığı üzündən normal müalicə ala bilməyən uşaq daima ağrılarından şikayət edirmiş. Ana Reyhan xanım imkanları daxilində vaxtaşırı şəxsi vəsaitləri hesabına uşağı müalicə etdirərmiş. Lakin bu müalicə görünür yetərli olmurmuş. Sosial şəbəkədə çox gileyli yazıları ilə diqqətimi çəkmişdi. Amma nə vaxtsa canına qəsd edəcəyini dilinə gətirmirdi.
Günlərin birində  anasına ağrılarından şikayət edir.  Ana onu həkimə aparır və həkim təyinatı üzrə ona müalicə yazır. Resseptdəki iynə dərmanları alıb evə gəlirlər. Həkimin göstərişinə uyğun iynə dərmanları qəbul edirmiş. İki-üç gün qaydası üzrə həbləri qəbul edir. Bir gün də Timurun halının pisləşməsini  görən  anası Reyhan xanım təcili həkim çağırır. Həkim gələndə artıq gec olub, iş işdən keçibmiş. Timur həkimin ona yazdığı bütün həbləri birdəfəlik qəbul edibmiş. Bir yalnız onu deyə bilib ki, artıq dözə bilmirdim özümə qəsd etməli oldum.
Dərhal həkim nəzarətinə götürülən Timur cəmi bir neçə gün yaşaya bilir.  Həkimlərin səyinə baxmayaraq 29 noyabr 2017-ci ildə dünyasını dəyişdi. Anası Reyhan xanıma və yaxınlarına Allahdan səbr diləyirəm. Allah Timur qardaşımızı rəhmət eləsin. Məkanı cənnət olsun.
Bu da bir cavan əlilin  nakam-sona çatmış  həyat hekayəsidir!
Hazırladı: redaktor R. Quliyev