Aşıq Mübariz Camaloğlu Mer.Az-ın suallarını  cavablandırıb.

– Mübariz bəy, istərdim əvvəlcə yaradıcılığınzdakı yeniliklərdən danışaq.

-Solo konsert planları qurmaq üçün hazırda uyğun deyiləm. Çünki xarici səfərlərim çoxdur. Amma düşünürəm ki, növbəti doğum günümdə-2019-cu ilin mart ayının 15-də solo konsert təşkil edim.

-Xarici səfərləriniz nə ilə bağlıdır. Dövlət tədbirləri, yoxsa necə?

-Həm dövlət tədbirləri var, həm də konsert proqramları.

-Müasir aşıqlarla həqiqi ozanlar arasında fərq varmı? Hansı daha üstündür?

– Sırf aşıq sənətindən söhbət gedirsə, indikilər ovaxtkı aşıqlara çata bilməz. Çünki o vaxtın aşıqlarına hardan desəydin, ordan cavab verərdilər. Yeddi gün, yeddi  gecə dastanlar, bayatılar, qoşma, gəraylılar deyərmişlər. Bu baxımdan nə saz ifasında, nə də ki, söz yığını barədə o dövrün aşıqlarına çatmaq olmaz. Ən azından mən belə düşünürəm və belə qəbul edirəm.

– Bəs aşıq sənətinə şou qatanlara münasibətiniz necədir?

– Şou qatmaq deyəndə ki, indiki dövrdə hamı sənətinə şou qatmaqla öz biznesini qurur. Biznes deyəndə toyu nəzərdə tuturam. Hazırda mən də həmin vəziyyətdəyəm. Mənim etdiyim aşıq sənətində bir yenilikdir. Mənə qədər heç bir aşıq bunu etməmişdi.

-Siz etdiyiniz yeniliklə özünüzü həqiqi aşıq kimi görürsünüzmü?

-Mən bunu reytinqli efirlərdə də deyirəm ki, aşıq deyiləm, saz ifaçısıyam. Çünki, mən saz aləmində olan mahnıları, dastanları, təcnisləri və digər şeyləri yetərincə bilmirəmsə, özümə heç zaman aşıq demərəm.

– Bəs qıraqdan baxan tamaşaçı sizi aşıq kimi görürmü?

-Məşhur kanalların birində üç tanınmış aşığın şəkli səsverməyə çıxarılmışdı. Şəkillərdən biri də mənim idi. Xəbərim olmadan o səsvermədə mən birinci yerə çıxmışdım. Elin gözün tərəzidir. Mən özümə aşıq deməsəm də,  saz ifalarımla insanların diqqətini cəlb etmişəm. Elə toylar olub ki, ən məşhur sənətçilər bir tərəfdə qalıb, hamı mənim ifamı, sazla göstərdiyim şounu izləməyi istəyiblər.

– Bir gün peşəkar aşıqlardan biri çıxıb desə ki, Mübarizin göstərdiyi şou aşıq sənətinin və bizim adımıza xələl gətirir, buna münasibətiniz necə olar?

-Elə bunu desəydi, rəhmətlik Zəlimxan Yaqub deyərdi. Bir dəfə tanınmış aşıqlar efirdə üstümə düşmüşdülər. Zəlimxan Yaqubu efirə qoşdular və o, dedi ki, “bu kişinin öz yolu var və mən bu dəsti xətti çox bəyənirəm. Mənim oğlumun toyunda da ifa edib”. Bu sözlər ürəyimə yağ kimi yayıldı və o məşhur aşıqlar susdular.

-Dediniz ki, aşıq sənətinə yenilik gətirmişəm. O zaman sizi aşıq sənətinin novatoru adlandıra bilərikmi?

– Bəli. Saz ilə şou göstərən ilk sənətçi mənəm. Mənim etdiyim hərəkətlərlə saz ifa edən çıxsın qarşıma, mən sazı bir daha əlimə götürmərəm.

-İndiki zamanda elə bir aşıq varmı ki, siz onlara qulaq asıb, onlardan nələrisə öyrənirsinizmi?

– Sevdiyim aşıq Mehdidir. Onun səsi mənim atamın səsinə oxşayır. Qadınların içərisində də Telli Borçalı və aşıq Zülfiyyəni sevirəm.

-Hər hansı bir məclisdə və ya televiziyada qadın aşıqla aşıq sənətinin “bağlama” növündə ifa etməkdən qorxmursunuz?

-Xeyr, qorxmuram. Çünki mənim bədahətən söz demək, şeir yazmaq bacarığım var. Ona görə çəkinmirəm. Hətta bir neçə dəfə Telli Borçalı ilə efirdə deyişməmiz olub.

-İzləyicilərinizə demək istədiyiniz xüsusi ismarış varmı?

-Son zamanlar  bir neçə yeni mahnılarım olub və irəliləyən zamanlarda da məni sevənlərə sürprizim var. Məni yaxından izləsinlər.

Fəxriyyə Əyyubzadə

Mer.Az