Education HUB-un təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.

Bu məqsədlə həyata keçirilən “İnkişaf Zamanı” proqramı çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsinin ikinci mərhələsi 20-21 oktyabr 2018-ci il tarixlərində Neftçalada başa çatıb.

Hal-hazırda cəmiyyətimizdə uşaqlar bilməyərəkdən sosial problemlərin iştirakçısına çevrilir. Buna səbəb onlara seçim hüquq və azadlıqları, zərərli vərdişlər və stereotiplərlə bağlı kifayət qədər məlumatın olmamasıdır. Bu problem daima onları izləyir, hətta bəzi ailələrdə – ailə daxili problemlər, qadına şiddət, erkən nikah, təhsildən yayındırma və s. o qədər yayılıb ki, problem kimi görülmür, normal qəbul edilir. “Biz sadəcə güzgüyük” layihə qrupu bu sahəni işıqlandırmaq üçün Azərbaycan Gənclər Təşkilatları Milli Şurası və Neftçala rayon Həsənabad qəsəbə tam orta məktəbi ilə keçirilən əməkdaşlıqda 8 və 9-cu sinif şagirdləri arasında keçirilən təlimin ilk günü stereotiplər, zərərli vərdişlər, peşə seçimi azadlığı kimi məsələləri gündəmə gətirib və bu mövzulara dair şagirdlərin iştirakı ilə Forum Teatr hazırlanıb və nümayiş olunub.