Mer.Az saytı olaraq ixtisasca landşaftşünas olan, yazar, ən əsası isə siyasi fikirləri ilə gündəm yarada bilən Şəbnəm Karslı ilə qadınların cəmiyyətdə rolunu və qadınların siyasətdən kənar qalmalarının səbələrini müzakirə etdik. Maraqlı müsahibəni oxuculara təqdim edirik.

Qadının cəmiyətdə və siyasətdəki rolunu necə qiymətləndirirsiniz? Azərbaycanda və dünyada qadınlar yetərli dərəcədə təmsil oluna bilirlərmi?

Qadın Azərbaycan cəmiyyətində hələ ki, arzulandığı qədər təmsil oluna bilməyib. Bunun da əsas səbəbi mentalitetə, qəlibləşmiş adət – ənənələrə bağlılıqdır. Azərbaycan qadını məişətdə həddindən artıq yüklənib. Ona görə də cəmiyyətdə təmsilçilik məsələsində axsayır.

Şərqə, müsəlman dünyasına baxdığımız zaman çox irəlidəyik, qərbə, inkişaf etmiş ölkələrə nəzərən isə geridə. 4-5 əsr öncə elmlə məşğul olan qadınların cadugər adı ilə damğalanıb yandırıldığı Avropa bu gün qadın haqqları, qadın təmsilçiliyi sahəsində dünya öncüsüdür. Azərbaycan qadını da öz haqlı mövqeyini zamanla tutacaq.

O ki qaldı siyasətdə qadınlarımız məsələsinə. Bu gün siyasi dil, siyasətçi tərəflər arasında olan basqı, ədalətsizlik mühiti qadını siyasətdən çəkindirir.

Bəs Azərbaycanda qadınların da iştirak edə biləcəyi siyasi mühit necə, varmı?

Siyasi mühiti iki prizmadan dəyərləndirək, iqtidar – müxalifət və müxaliflər arası.

İqtidarın siyasəti göz önündədir. Bu gün Gözəl Bayramlı siyasi məhbus həyatı yaşayır. Ona qədər də mitinqlərdə döyülən, yerlərdə sürüdülən, həbs edilən qadınlarımız olub. Bu münasibət Azərbaycan qadınını siyasətdən çəkindirən əsas amildir.

İkinci məsələyə gəlincə, müxaliflər arasında hər hansı bir fikir ayrılığı olduğu zaman əl atdıqları siyasi dil, leksikon heç də iqtidarın münasibətindən fərqlənmir. Bu abu havanın hökm sürdüyü mühitdə qadını siyasətə gətirmək və ya qadının siyasiləşməsini arzulamaq çətindir.

Bəs qadınlar özlərini hansı prizmada görməli və ya yeni dalğa yaratmaq üçün nələr etməlidirlər?
İstənilən halda mübarizə davam etməlidir. Bu gün cəmiyyətin aktiv qadınları və siyasi mühitdə var olan xanımlarımız digərləri üçün nümunə olmalıdılar. Siyasi partiyalara da bu məsələdə böyük yük düşür, qadınların dəyərləndirməsi və aktiv siyasi fəaliyyətə cəlb edilməsi sahəsindəki boşluqları azaltmaq onların öhdəsinə düşür.
Şəbnəm xanım iqtidarda az və ya çox qadınların rolunu görməkdəyik. Amma müxalif düşərgədə demək olar ki, bu qadın sayı barmaqla sayılacaq qədər azdır. Burada günahkar kimdir sizcə?
İqtidar sıralarında qadınlar alçaldırmırlar, həbs edilmirlər, şiddət və təziqə məruz qalmırlar. Eyni münasibət müxalifətçi qadınlarımıza aid deyil. Bu fərq də təzyiqdən yaranıb.
Bəs müxalifət liderlərinin qadınlara münasibəti necədir? Məsələn, Əli Kərimli “kişi kimi mübarizə aparın” deyirsə, bir qadın olaraq sizə toxunurmu bu ifadə? Qeyd edim ki, buna görə Günel Mövlud sərt rekasiya sərgiləmişdir. Sizcə qadınlar həqiqətən “Kişi kimi” mübarizə aparmalıdırlar, yoxsa, qadın olaraq nələrə qadir olduqlarını təsdiqləməlidirlər?
Tansu Çiller bir dəfəsində “siyasətdə qadın – kişi olmaz, kişi – nakişi olar” demişdi. Əli Kərimlinin həmin ifadəsini məhz öztürkcədə olan kişiliklə bağlamaq istərdim.
Ümumilikdə isə qadına münasibət normal görünsə də, müxalif nümayəndələri arasındakı davalar qadınları çəkindirməkdədir. Ağız dalaşı, ortaq mövqedə olmayanların açıq təhqir və şantaj üzərinə qurulan ritorikası qadını bu mühitdən uzaqlaşdırır.